Oman İrana könüllü ödənişlər sisteminə əsaslanan və Hörmüz boğazı üzərində kollektiv nəzarəti təmin edəcək yeni regional mexanizmin yaradılmasını təklif edib.
Denizxeber.az bildirir ki, Malakka boğazı təcrübəsinə söykənən bu layihə gəmilərin naviqasiya, ekoloji mühafizə və axtarış-xilasetmə xidmətlərini könüllü maliyyələşdirməsini və İranın strateji boğaz üzərində təkbaşına nəzarətinin istisna edilməsini nəzərdə tutur.
“Bloomberg” agentliyinin məlumatına görə isə, tərəflər arasında aparılan danışıqlarda Hörmüz boğazının “orta dəhliz” adlandırılan hissəsinin yenidən açılması məsələsi də müzakirə olunub. Mənbələr Omanın razılaşma perspektivlərinə nikbin yanaşdığını və yaxın günlərdə irəliləyiş əldə olunacağını gözlədiyini bildirirlər.
Analitiklər bu danışıqların uğurla yekunlaşmasının ABŞ və İran arasında atəşkəs müzakirələrinin bərpasına da zəmin yarada biləcəyini vurğulayırlar.





