İyulun 28-i Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun doğum günüdür.
Denizxeber.az bildirir ki, Fərman Salmanov 1931-ci ildə Şəmkirin Morul kəndində anadan olub. Sənaye İnstitutunu (indiki ADNSU) bitirdikdən sonra rəsmi dairələrin təzyiqlərinə və risklərə baxmayaraq, öz komandası ilə birlikdə Sibirə yollanıb və ömrünün 50 ilini bu regionun neft-qaz sənayesinə həsr edib.
Geologiya-mineralogiya elmləri doktoru olan F. Salmanov Megiyon, Urenqoy, Surqut, Mamontov daxil olmaqla 100-dən çox nəhəng yatağın kəşfində müstəsna rol oynayıb. O, SSRİ geologiya nazirinin birinci müavini vəzifəsində çalışıb, 160-dan çox elmi əsər yazaraq bir çox ali mükafatlara layiq görülüb. 2019-cu ildən Rusiyanın Surqut hava limanı onun adını daşıyır. Məşhur geoloq 2007-ci il martın 31-də Moskvada vəfat edib.





