Rumıniya və Bolqarıstanın Şengen məkanına tam inteqrasiyasından sonra hər iki ölkə Cənub-Şərqi Avropanın əsas tranzit və logistika mərkəzləri kimi mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Denizxeber.az-ın Rumıniyanın “Economedia” nəşrinə istinadən verdiyi məlumata görə, 2025-ci il yanvarın 1-dən qüvvəyə minən daxili quru sərhədlərindəki nəzarətin ləğvi Mərkəzi Avropa, Qara dəniz hövzəsi və Türkiyə istiqamətində yükdaşımalarda əsas maneələri aradan qaldırıb.
Nəticədə daşıyıcı şirkətlərin sərhədlərdəki aylıq gözləmə müddəti 40 saatdan 10–15 saata düşüb ki, bu da çatdırılma vaxtını qısaltmaqla yanaşı, daşıma xərclərini də nəzərəçarpan dərəcədə azaldıb. Rumıniyanın Arad, Oradya və Timişoara şəhərləri yeni logistika qovşaqları kimi ön plana çıxıb.
Xüsusilə Qara dənizdə Asiya və Qafqazdan Avropaya yönələn yüklər üçün strateji qapı rolunu oynayan Konstansa limanının əhəmiyyəti daha da artıb. İnfrastruktur təmirləri və sürücü çatışmazlığı kimi çətinliklərə baxmayaraq, ekspertlər bu addımın yaxın illərdə regionu Avropa ilə Cənubi Qafqaz arasında aparıcı logistika habına çevirəcəyini vurğulayırlar.





