Regional liderlik

57

Beynəlxalq təchizat zəncirlərində yaranan problemlər və ticarətin yeni alternativalara ehtiyacı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) qlobal logistikadakı strateji əhəmiyyətini sürətlə artırır.

Denizxeber.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropanı birləşdirən bu marşrutda Azərbaycan əlverişli coğrafi mövqeyi və müasir infrastrukturu ilə əsas iştirakçılardan birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və yenilənən magistrallar ölkəmizin tranzit imkanlarını genişləndirməklə Şərq–Qərb logistika körpüsünü daha da möhkəmləndirir.

K.Nurullayeva vurğulayıb ki, yükdaşımaların rəqəmsallaşdırılması, “vahid pəncərə” sisteminin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi və liman imkanlarının demək olar ki, iki dəfə artırılması marşrutun rəqabət qabiliyyətini yüksəldib. Çindən Azərbaycana və əks istiqamətdə daşınan yüklərin həcmi sürətlə artır.

Orta Dəhlizin inkişafı tranzit gəlirlərinin yüksəlməsinə, qeyri-neft sektorunun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və xarici investisiyaların cəlbinə mühüm töhfə verir. Avropa üçün isə bu marşrut Mərkəzi Asiyadan enerji, xammal və kritik mineralların təhlükəsiz çatdırılması baxımından XXI əsrin ən perspektivli nəqliyyat arteriyası hesab olunur.