Bu gün Azərbaycanda əlamətdar günlərdən biri — Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur.
Denizxeber.az bildirir ki, bu xüsusi gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqustunda ölkə üzrə tam təmin olunduğunu və yeni əlifbanın müstəqil dövlətimizin yazı mədəniyyətində mühüm mərhələ teşkil etdiyini nəzərə alaraq sözügedən sənədi imzalayıb.
Azərbaycanda latın qrafikasına keçid tarixi bir neçə mərhələni əhatə edir. İlk dəfə 1922-ci ildə Yeni Əlifba Komitəsi yaradılıb, 1926-cı ildə keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsi ilə 1929-cu il yanvarın 1-dən latın qrafikalı əlifba kütləvi tətbiq olunub. Lakin SSRİ rəhbərliyinin türk xalqları arasında mədəni inteqrasiyadan narahatlığı səbəbindən 1940-cı il yanvarın 1-dən ölkədə kiril qrafikasına keçilib.
Müstəqillik ərəfəsində, 1990-cı ildə dilçi alim Afad Qurbanovun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb. Komissiyanın tərtib etdiyi yeni latın qrafikalı əlifba 1992-ci ildə rəsmən təsdiqlənib, 2001-ci ildə isə latın qrafikasına tam keçid başa çatdırılıb. Məhz bu tarixi nailiyyətin şərəfinə hər yıl avqustun 1-i ana dilimizin və əlifbamızın təntənəsi kimi qeyd edilir.





