Ədəbiyyatımızın acı günü

120

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə səhhətinin pisləşməsi ilə bağlı yerləşdirildiyi xəstəxanada vəfat edib.

Denizxeber.az-ın Mədəniyyət Nazirliyinə istinadla verdiyi məlumata görə, iyunun 26-da səhhəti ağırlaşan görkəmli sənətkarın həyatını xilas etmək mümkün olmayıb.

1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu qəsəbəsində anadan olan Nəriman Həsənzadə Gəncə Dövlət Universitetini, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Ədib müxtəlif illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, mətbuat və informasiya nazirinin birinci müavini, Ədəbiyyat Fondu İdarə Heyətinin sədri işləyib, həmçinin uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.

Zəngin ədəbi irsə malik olan sənətkarın “Könlüm şeir istəyir”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Nuru paşa”, “Atabəylər”, “Bütün Şərq bilsin” kimi unudulmaz poetik və dramatik əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirib.

Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinə görə Nəriman Həsənzadə “Xalq şairi” fəxri adına, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” ordenlərinə və Heydər Əliyev Mükafatına layiq görülüb, Prezidentin fərdi təqaüdçüsü olub.

Görkəmli şair və dramaturq Nəriman Həsənzadənin əziz xatirəsi xalqımızın qəlbində və ədəbiyyat tariximizdə əbədi yaşayacaq.