Bosfor boğazında hərəkət dayandı

71

Rusiyadan Türkiyənin İskəndərun limanına istiqamətlənən “Hacı Hüseyin” quru yük gəmisi mühərrikində yaranan texniki nasazlıq səbəbindən Bosfor boğazında saya oturub.

Denizxeber.az Türkiyə Sahil Mühafizəsi İdarəsinə istinadla verdiyi məlumata görə, San-Tome və Prinsipi bayrağı altında üzən, 154 metr uzunluğundakı gəmi göyərtəsində 22 min ton dəmir filizi daşıyırmış. İnsident mühərrikin sıradan çıxması nəticəsində boğazın Kanlıca sahilləri yaxınlığında qeydə alınıb.

Yaranan təhlükəsizlik riski ilə əlaqədar Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Hazırda aidiyyəti qurumların iki yedək gəmisi və bir kateri hadisə yerinə cəlb edilib, gəminin xilasedilməsi və nəqliyyatın bərpası istiqamətində işlər aparılır.