Ölkəmizdə Azərbaycan Kinosu Günü qeyd olunur

61

Bu gün Azərbaycan milli kinosunun yaranmasından 128 il ötür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi təntənəli şəkildə qeyd olunur.

Denizxeber.az bildirir ki, milli kinomuzun əsası Fransada keçirilmiş ilk kinoseansdan cəmi iki il sonra – 1898-ci il avqustun 2-də Bakıda qoyulub. Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” dəniz və neft sənayesinə dair sənədli xronikalarını, həmçinin “İlişdin” adlı bədii süjetini nümayiş etdirib. Həmin tarixi gün milli kino salnaməmizin başlanğıcı sayılır.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Xəzər dənizinin və Bakının sənaye mərkəzi kimi cəlbediciliyini nəzərə alaraq burada filiallarını açıblar. 1916-cı ildə İbrahim bəy Musabəyovun povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin operettası əsasında “Arşın mal alan” filmləri ekranlaşdırılıb.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və Birinci Dövlət Kinofabriki fəaliyyətə başlayıb. Burada çəkilən ilk film “Qız qalası” olub. Müxtəlif illərdə “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Bakı kinostudiyası” adlanan qurum 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyan “Azərbaycanfilm” kinostudiyasına çevrilib.

Həmçinin qeyd edək ki, “Azərbaycanfilm”də indiyədək 2 mindən çox müxtəlif janrda film istehsal olunub. Bunların arasında “Arşın mal alan”, “Şərikli çörək”, “İstintaq”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” kimi ekran əsərləri beynəlxalq kinofestivalların və Dövlət mükafatlarının qalibi olub.