Dənizçilikdə gələcək texnologiyalar

165

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə avtonom nəqliyyat sistemlərinin və pilotsuz dəniz vasitələrinin tətbiqi ilə bağlı mühüm dəyişikliklər edilib. Sözügedən hüquqi yenilik Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində gerçəkləşdirilib.

Denizxeber.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) verilən məlumata görə, qanunvericilik dəyişikliyinin əsas məqsədi dəniz nəqliyyatı sektorunda avtonom gəmilərin istifadəsi üzrə hüquqi tənzimləmə mexanizmlərini təkmilləşdirməkdir. Həmçinin sahəvi dənizçilik qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmaq, dövlət xidmətlərinin səmərəliliyini artırmaq və dənizdə avtonom texnologiyaların tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional baza formalaşdırmaq nəzərdə tutulur.

Yenilənmiş Məcəllədə avtonom dəniz mühitinin tənzimlənməsi üçün “avtonom gəmi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi fundamental dənizçilik anlayışları ilk dəfə rəsmi əksini tapıb. Qanunvericilikdə idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri, avtonom gəminin və onun avtomatlaşdırılmış idarəetmə sistemlərinin texniki göstəriciləri, eləcə də operatorun və gəmi mülkiyyətçisinin (sahibinin) hüquq və vəzifələri dəqiq müəyyənləşdirilib.

Qanuna əsasən, avtonom gəmi yalnız müvafiq dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət orqanı tərəfindən müəyyən edilmiş dəniz akvatoriyalarında istismar edilə bilər. Müvafiq şəhadətnamə almış hər bir fiziki və ya hüquqi şəxs avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemini təmin edən operator kimi fəaliyyət göstərmək hüququ qazanacaq.

İstismar prosesində operator idarəetmə sisteminin fəaliyyətinə fasiləsiz nəzarət etməli, dənizdə hər hansı təhlükə yarandıqda dərhal operativ müdaxilə etməli, naviqasiya məlumatlarının saxlanmasını təmin etməli və insident baş verdikdə aidiyyəti dəniz qurumlarını dərhal məlumatlandırmalıdır.

Avtonom dəniz nəqliyyat vasitəsinin istismarı zamanı vurulan zərərə görə birbaşa gəmi mülkiyyətçisi (sahibi) və ya istismarçısı məsuliyyət daşıyacaq. Lakin zərərin istehsalçı, texniki xidmət göstərən tərəf və ya müqaviləli operatorun təqsiri üzündən baş verdiyi sübut olunarsa, mülkiyyətçi Mülki Məcəlləyə əsasən reqres tələbi irəli sürə bilər. Operator mülkiyyətçinin ştatlı əməkdaşı olduqda isə dəymiş zərərin ödənilməsi Əmək Məcəlləsinin müvafiq fəsillərinin tələbləri ilə tənzimlənəcək.