Rusiya Federasiyasının Sakit Okean Donanması Yapon və Oxot dənizləri akvatoriyasını, eləcə də Sakit okeanın şimal-qərb hissəsini əhatə edən genişmiqyaslı dəniz təlimlərinə start verib. Bir neçə həftə davam etməsi nəzərdə tutulan bu təlimlərə 13 mindən çox şəxsi heyət cəlb olunub.
Denizxeber.az-ın Rusiya Sakit Okean Donanmasının mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, hərbi-dəniz manevrlərində təxminən 60 döyüş gəmisi, təminat gəmisi və sualtı qayıq, eləcə də dəniz aviasiyasına aid 30-a yaxın təyyarə, helikopter və pilotsuz uçuş aparatı (PUA) iştirak edir.
Donanma komandanı admiral Viktor Liinanın ümumi rəhbərliyi altında keçirilən ikitərəfli dəniz manevrləri zamanı yüksək dəqiqlikli raket silahlarının, müasir dəniz hərbi texnikasının və sualtı müdafiə komplekslərinin inteqrasiya olunmuş tətbiqi həyata keçiriləcək.
Bildirilir ki, bu dəniz manevrləri 2026-cı ildə Rusiya Sakit Okean Donanmasının ən böyük əməliyyat və döyüş hazırlığı tədbiri kimi qiymətləndirilir. Təlimlər çərçivəsində strateji su zolaqlarının mühafizəsi, dəniz kommunikasiyalarının təhlükəsizliyi və şərti düşmənin dəniz qruplaşmalarına qarşı birgə zərbə taktikalari işlənib hazırlanacaq.





