Bəşəriyyətin mənəvi borcu

148

Hər il avqust ayının üçüncü şənbə günü (bu il avqustun 15-nə təsadüf edir) dünyada Ümumdünya Sahibsiz Heyvanlar Günü kimi qeyd olunur.

Denizxeber.az bildirir ki, bu təşəbbüs ilk dəfə 1992-ci ildə Heyvan Hüquqları üzrə Beynəlxalq Cəmiyyət tərəfindən irəli sürülüb. Bu tarix bayram deyil, küçələrdə yaşayan heyvanların çətin taleyinə, nəzarətsiz çoxalma problemində insanın məsuliyyətinə diqqət çəkmək və xeyriyyə aksiyaları vasitəsilə sahibsiz it və pişiklərə yardım etmək üçün bir fürsətdir.

Dünyada məlum olan ilk it sığınacağı 1695-ci ildə Yaponiyada (50 min heyvanlıq) yaradılıb. Heyvanları qəddarlıqdan qoruyan ilk qanun isə 1822-ci ildə Böyük Britaniyada qəbul edilib. Avstriya qanunvericiliyi itlərin qulaq və quyruqlarının kəsilməsini, sirklərdə vəhşi heyvanların istifadəsini, eləcə də zoomağazaların vitrinlərində bala it və pişiklərin satışını qadağan edir.

Küçə heyvanlarının sayının tənzimlənməsi üçün əsas humanist yol sterilizasiyadır. Bu gün münasibətilə bir çox baytarlıq klinikaları pulsuz sterilizasiya aksiayaları təşkil edir. Bakıda fəaliyyət göstərən mərkəz sahibsiz heyvanların müayinəsi, sterilizasiyası, peyvəndlənməsi və himayəyə verilməsi sahəsində böyük layihələr icra edir.

2025-ci ildə yaradılan “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs heyvanların stasionar müalicəsi, uçotu, vakssinasiyası və sanitar-epidemioloji sabitliyin təmin edilməsi ilə məşğul olur. İyul ayında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Yevlax şəhərində Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsi istifadəyə verilib. Mərkəz əlverişli coğrafi mövqeyi sayəsində ətraf rayonlardan gələn müraciətlərə operativ reaksiyanı təmin edir.