Çimərlik mövsümündə vətəndaşların həyatının qorunması – FOTO – VİDEO

82

Yay mövsümündə çimərliklərə üz tutan minlərlə vətəndaşın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin üzərinə böyük məsuliyyət düşür.

Denizxeber.az bildirir ki, AZƏRTAC-ın əməkdaşları xilasedicilərin gündəlik fəaliyyətini, batmaq təhlükəsi ilə üzləşən şəxslərə göstərilən operativ köməyi və çimərliklərdəki mövcud vəziyyəti müşahidə etmək üçün “Şıxov” çimərliyində olublar.

Çimərlik ərazisində xilasedicilər müşahidə qüllələrindən elektron rabitə vasitəsilə daimi əlaqə saxlayır, sahil boyu və dənizdə kiçikhəcmli gəmilər, sürətli qayıqlarla reydlər aparırlar. Məhdudlaşdırıcı nişanları keçən vətəndaşlara dərhal xəbərdarlıq edilir.

AZƏRTAC-ın əməkdaşlarının çimərlikdə olduğu vaxtda qüllədən 50 metr aralıda batma təhlükəsi ilə üzləşən şəxs barədə məlumat daxil olub. Xilasedicilər dərhal sürətli qayıqla əraziyə çataraq, suya tullanıb boğulan şəxsi göyərtəyə çıxarıblar. Sahilə gətirilən vətəndaşa udduğu suyu xaric etmək üçün yerindəcə həkiməqədər ilkin yardım göstərilib.

Matros-xilasedici Cavad Cavadlı bildirib ki, boğulma halları əksər vaхtlarda yalnız üzməyi bilməməkdən qaynaqlanmır. Başlıca risk faktorlarına aşağıdakılar daxildir:

  • Spirtli içki qəbul edərək dənizə girmək və ya küləkli/dalğalı havada suya daxil olmaq;
  • Məhdudlaşdırıcı şarları (üzmə sərhədlərini) keçmək və nəzarətsiz, qeyri-çimərlik ərazilərdən istifadə etmək;
  • Güclü sualtı cərəyanlar və insanın öz fiziki imkanlarını düzgün qiymətləndirməməsi;
  • Uşaqların su kənarında nəzarətsiz buraxılması.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin böyük inspektoru kapitan Fərid İlhamoğlu vurğulayıb ki, rəsmi çimərliklərdə 1 metr 75 santimetr dərinlikdə üzmə sərhədləri müəyyən edilir. Dənizdə ən təhlükəsiz istirahət vaxtı xilasedicilərin növbədə olduğu 09:00–20:00 aralığıdır.

FHN rəsmisi monitorinqlər zamanı sualtı axınlar, mürəkkəb relyef, yarğan və çuxurlara görə insan həyatı üçün ən təhlükəli hesab edilən qeyri-çimərlik əraziləri açıqlayıb:

“Şimal Qres” və “Mil Qaya” əraziləri;

“12-ci dalan” və “Daçnik” kimi tanınan ərazilər;

“Sarı Qaya” ərazisi;

“Mayak” adı ilə tanınan ərazi.

FHN əhalini bu təhlükəli zonalardan uzaq durmağa, yalnız xilasedicilərin nəzarət etdiyi rəsmi çimərliklərdən istifadə etməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.