Dəniz tarixçəsi ilə tanışlıq – FOTO

139

Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində olublar.

Denizxeber.az ASCO-nun mətbuat xidmətinə istinadən bildirir ki, dünyanın ilk tanker-muzeyini ziyarət edən qonaqlara gəmidə quraşdırılmış müasir multimedia, audiovizual sistemlər və zəngin ekspozisiya zalları təqdim olunub.

Ziyarətçilər üçün ekskursiya Ukrayna dilində təşkil edilib. Qonaqlara Azərbaycanın zəngin dənizçilik ənənələri, eləcə də Xəzər hövzəsinin ən qədim gəmiçilik qurumu olan ASCO-nun keçdiyi tarixi yol və müasir fəaliyyəti barədə geniş məlumat verilib.

Viktor Yuşenko gəmi-muzeyin “Fəxri qonaqlar” kitabına öz xatirə qeydlərini yazaraq, təqdim olunan ekskursiyadan dərin məmnunluğunu ifadə edib.

Ukraynanın keçmiş dövlət başçısı Azərbaycanın dənizçilik irsinin qorunması, müasir texnologiyalarla gələcək nəsillərə çatdırılması və beynəlxalq müstəvidə təbliği istiqamətində görülan işləri yüksək qiymətləndirib.