Hərbi gəmidə dörd gün elektrik olmayıb

63

Birləşmiş Ştatların idarəolunan raketlərlə təchiz edilmiş “Benfold” (USS Benfold) hərbi gəmisi iyul ayında Cənubi Çin dənizində xidməti tapşırıq yerinə yetirərkən baş verən ciddi texniki nasazlıq səbəbindən dörd gün ərzində tamamilə elektrik enerjisiz qalıb.

Denizxeber.az-ın CNN-ə istinadla verdiyi məlumata görə, insident barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının rəsmi mətbuat xidməti məlumat yayıb. Hadisə iyulun 24-də Hind-Sakit okean regionunda planlaşdırılmış patrul əməliyyatları zamanı gəminin generatorlarında yaranan qəfil texniki nasazlıq nəticəsində baş verib.

Elektrik enerjisinin tam kəsilməsi gəminin fəaliyyətini iflic edib — kondisionerlər, mətbəx, tualetlər və içməli su təchizatı sistemi dayanıb. Ən əsası, esmines müstəqil şəkildə manevr etmək və hərəkət etmək qabiliyyətini itirib. ABŞ HDQ-nin açıqlamasında bildirilir ki, baş verən insident zamanı ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Hazırda donanma komandanlığı tərəfindən generatorlarda yaranmış nasazlığın dəqiq səbəbləri araşdırılır.