Avqustun 20-də Azərbaycan muğam sənətinin korifeyi, Xalq artisti İsfəndiyar Aslan oğlu Cavanşirin (Xan Şuşinski) anadan olmasının 125-ci ildönümü tamam olur.
Denizxeber.az bildirir ki, 1901-ci ildə Şuşada Qarabağ xanları nəslinə mənsub ailədə dünyaya göz açan böyük xanəndə milli musiqi xəzinəmizi özünəməxsus ifa üslubu və bəstələri ilə zənginləşdirib.
16 yaşında ustadı İslam Abdullayevlə qıldığı məclisdə təbrizli xanəndə Əbülhəsən xan İqbalın üslubunda “Kürd-Şahnaz” muğamını heyrətamiz ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. Sənətçi kimi yetişməsində Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin də böyük rolu olub.
Bakıda ilk rəsmi çıxışını 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdirib. 1934-cü ildə Tbilisidə Zaqafqaziya xalqlarının I incəsənət olimpiadasında 1-ci mükafata layiq görülüb. 1943-cü ildə Xalq artisti adına layiq görüldükdən bir il sonra (1944) Şah Məhəmməd Rza Pəhləvinin dəvəti ilə İrana qastrol səfərinə gedərək 4 şəhərdə konsert verib.
Müəllifi olduğu “Şuşanın dağları” və “Qəmərim” mahnıları dillər əzbərinə çevrilib. Bəstəkar mahnılarından yalnız Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edərək “Qara göz” mahnısının ilk və unudulmaz ifaçısı olub. 1960-cı ildə Filarmoniya nəzdində “Muğam studiyası” yaradıb, Asəf Zeynallı adına Musiqi Məktəbində yeni xanəndələr nəslini yetişdirib.
Azərbaycan musiqi tarixinin əfsanəvi simasından gələcək nəsillərə cəmi 240 dəqiqəlik lent yazısı yadigar qalıb. Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.





