Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əsgərovla görüşüb.
Denizxeber.az-ın Qazaxıstan XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Qazaxıstan tərəfi Azərbaycanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBMT / Orta Dəhliz) inkişafında əsas və strateji tərəfdaşlarından biri hesab etdiyini vurğulayıb. İkitərəfli ticarətin yüksək dinamikası, qeyri-neft/qeyri-xammal ixracının artırılması, sənaye kooperasiyası və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər BMT, Türk Dövlətləri Təşkilatı (TDT), AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) və İƏT çərçivəsində birgə fəaliyyət və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi aparıblar.





