Keçid qaydaları sərtləşir

104

Yaxın Şərqdə dəniz təhlükəsizliyi və naviqasiya marşrutları ətrafında gərginlik artmaqda davam edir. İran Hörmüz boğazından keçərkən müəyyən edilmiş daxili gəmiçilik qaydalarını pozan kommersiya və yük gəmilərinə qarşı sərt məhdudiyyətlər, yüksək məbləğli cərimələr, həbs və hətta gəmilərin müsadirə olunması mexanizmini tətbiq edəcəyini bəyan edib.

Denizxeber.az bildirir ki, bu barədə İranın Hörmüz Boğazında Gəmiçiliyə Nəzarət İdarəsi rəsmi bəyanat yayıb.

Müəyyən olunmuş dəniz normalarını pozan gəmilər cərimə olunacaq, saxlanılaraq həbs ediləcək, gələcəkdə boğazdan keçid hüququndan məhrum olunacaq və ya müsadirə ediləcək. Körfəzdə dəniz xidmətləri göstərən gəmi sahiblərinə və broker şirkətlərinə “qayda pozanların qara siyahısı” ilə tanış olmaq tövsiyə edilib.

Siyahıda yer alan gəmilərlə hər hansı loqistik və ya kommersiya əməkdaşlığı edən digər su nəqliyyatı vasitələri də avtomatik olaraq sanksiya siyahısına salınacaq. Qara siyahıdan çıxmaq istəyən gəmi sahibləri İranın müvafiq idarəetmə orqanlarına rəsmi müraciət ünvanlamalı və qayda pozuntusunun səbəblərini əsaslandıran xüsusi sorğu təqdim etməlidirlər.