Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandirlərindən biri və Vətən müharibəsində Şuşanın azad edilməsi əməliyyatının əsas rəhbərlərindən olan polkovnik Tehran Cavid oğlu Mənsimovun anadan olmasının 54-cü ildönümü tamam olur.
Denizxeber.az bildirir ki, 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində dünyaya göz açan Tehran Mənsimov ömrünü Azərbaycan Silahlı Qüvvələrində milli hərbi kadr kimi xidmətə həsr edib.
Birinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollanıb, sonradan hərbi təhsil alaraq leytenant rütbəsi ilə orduda zabit xidmətinə başlayıb. Qarabağ zonasında taqım komandirliyindən briqada komandirinədək məsul vəzifələr icra edib. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qüvvələri ilə fəal iştirak edib. Noyabrın 4-dən 8-dək davam edən və dünya hərb tarixinə düşən Şuşa əməliyyatında şəhərə daxil olan ilk komandirlərdən biri olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, eləcə də “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.





