Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə gəmiçilik təhlükəsizliyini təmin etmək və neft tədarükü zəncirindəki gərginliyi azaltmaq məqsədilə İrana vasitəçilər vasitəsilə yeni diplomatik təklif ünvanlayıb. Vaşinqton Hörmüz boğazının dəniz ticarəti üçün tam açılması və regional proksi-qüvvələrin hücumlarının dayandırılması müqabilində Tehrana qarşı tətbiq edilən sanksiyaların və iqtisadi blokadanın ləğvinə hazır olduğunu bildirib.
Denizxeber.az-ın “Al Hadath” telekanalına istinadən verdiyi məlumata görə, ABŞ-nin bu kritik mesajı İrana xüsusi səfəri zamanı Pakistan ordusunun baş komandanı Asim Munir tərəfindən çatdırılıb.
Vaşinqton dəniz nəqliyyatının əsas arteriyası sayılan Hörmüz boğazından gəmilərin sərbəst, təhlükəsiz keçidinin bərpasını və regionda İrana bağlı proksi-qüvvələrin (Yəmən husiləri və digər qruplaşmalar) hərbi hücumlarının dayandırılmasını tələb edir.
Bu addımların qarşılığında ABŞ İrana qarşı tətbiq olunmuş ağır iqtisadi-maliyyə sanksiyalarını, o cümlədən enerji sektorundakı blokadanı aradan qaldırmağa hazır olduğunu vurğulayıb. Mesajı Tehrana çatdıran Pakistan ordusunun baş komandanı Asim Munir İran rəhbərliyini qarşılıqlı anlaşma memorandumu çərçivəsində fəaliyyətləri bərpa etməyə çağırıb. Pakistan tərəfi mövcud regional qarşıdurmada və ABŞ-İran gərginliyində tam neytral qaldığını xüsusi olaraq qeyd edib.





