ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) Karib dənizi akvatoriyasında narkotrafikə qarşı həyata keçirilən hərbi əməliyyatlar çərçivəsində daha bir yüksəksürətli gəmiyə zərbə endirib.
Denizxeber.az bildirir ki, bu barədə SOUTHCOM özünün rəsmi “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlum narkotrafik marşrutu üzrə hərəkət edən yüksəksürətli katerə endirilən dəqiq zərbə nəticəsində gəmi sıradan çıxarılıb və göyərtədə olan 4 nəfər həlak olub. Komandanlıq bildirir ki, əldə olunmuş kəşfiyyat məlumatları həmin su nəqliyyatı vasitəsinin qanunsuz narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini tam sübuta yetirib.
ABŞ kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, 2025-ci ilin payızından etibarən bölgədə başlayan hərbi əməliyyatlar çərçivəsində ABŞ ordusunun narkotik daşıyan katerlərə vurduğu zərbələr nəticəsində 220-dən çox insan həlak olub.





