Çin Xalq Respublikasına işgüzar səfər – FOTO

53

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndə heyəti 2026-cı il avqustun 22–28-i tarixlərində Çin Xalq Respublikasında işgüzar səfərdə olub. Səfər Harbin və Çindao şəhərlərində “Ağıllı Avrasiya, Ortaq Rifah” devizi altında keçirilən Qərbi Asiya və Şərqi Avropa Kadr Mübadiləsi Forumu çərçivəsində baş tutub. Harbin Mühəndislik Universiteti və onun Çindao İnnovasiya və İnkişaf Bazası tərəfindən təşkil edilən mötəbər forumda ölkəmiz Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA), “ASCO Engineering” və Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mekanika İnstitutunun təmsilçilərindən ibarət heyətlə təmsil olunub.

Denizxeber.az ADDA-ya istinadən bildirir ki, forumda Azərbaycan ilə yanaşı Çin, Böyük Britaniya, Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Xorvatiyanı təmsil edən aparıcı universitetlər, elmi-tədqiqat institutları və dənizçilik sənayesinin aparıcı şirkətləri iştirak ediblər.

Səfər proqramı çərçivəsində avqustun 23-də ADDA nümayəndə heyəti Harbin Mühəndislik Universitetinin ev sahibliyi etdiyi “Təsvirlərin Tanınması və Maşın Görməsi üzrə IX Çin Konfransı”nda (PRCV 2026) iştirak edib. Həmçinin heyət universitetin İntellektual Sistemlər Elmi və Mühəndisliyi Kollecinin müasir laboratoriyaları və Gəmiçilik Muzeyi ilə tanış olub.

Məlumat verilib ki, sözügedən kollecdə milli və nazirlik səviyyəli 15 tədris-elmi platforma, eləcə də beynəlxalq şirkətlərlə birgə yaradılmış 10-dan çox laboratoriya fəaliyyət göstərir. Çinin ilk DP3 səviyyəli dinamik mövqeləndirmə sisteminin hazırlandığı bu mərkəzdə ADDA heyəti robototexnika, Sənaye 4.0 və intellektual nəqliyyat vasitələri üzrə laboratoriyaların iş prinsipi və tələbə innovasiya komandalarının fəaliyyət modeli ilə yaxından tanış olublar.

Səfərin Harbin mərhələsi avqustun 25-də sənaye müəssisələrinə – qaz turbini istehsalı müəssisəsinə və müasir hesablama mərkəzinə başçəkmə ilə yekunlaşıb. 

Avqustun 26-da forum Çindao şəhərində işini davam etdirib. Dəvətli məruzələr bölməsində Akademiyanın “Xəzər regionu intellektual gəmiçilik yolunda: texnologiyalar, kadr hazırlığı və beynəlxalq akademik əməkdaşlıq” mövzusunda geniş təqdimatı dinlənilib.

Çıxış zamanı Xəzər dənizinin unikal əməliyyat mühiti — qapalı hövzə dinamikası, mövsümi buzlaşma, dayaz sahələr və həssas ekologiya — və bu şəraitin xüsusi gəmiçilik həlləri tələb etməsi əsaslandırılıb. Eyni zamanda, Akademiyanın “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) strukturunda fəaliyyəti, tədris prosesinin Beynəlxalq Dəniz Təşkilatının (IMO) və STCW Konvensiyasının tələblərinə uyğunluğu, modern trenajor bazası və Təlim-Tədris Mərkəzinin geniş imkanları diqqətə çatdırılıb.     Böyük maraqla qarşılanan təqdimatdan sonra həm xarici universitet, həm də sənaye nümayəndələri tərəfindən Akademiyaya konkret əməkdaşlıq təklifləri olunub.

Alyans üzvlüyü Azərbaycan Dövlət Dəniz Akademiyası üçün bir sıra strateji istiqamətlərdə geniş imkanlar açır:

  • Birgə təlim və ixtisaslaşma: ADDA-nın Trenajor bazası və Təlim-Tədris Mərkəzinin imkanları əsasında beynəlxalq sertifikatlı birgə təlim modullarının və qısamüddətlı ixtisas kurslarının təşkili;
  • Prioritet elmi tədqiqatlar: Qapalı və dayaz hövzələr üçün xüsusi gəmilərin layihələndirilməsi, məhdud şəraitdə avtonom naviqasiya, hidrodinamika və enerji səmərəliliyi, dəniz mühitinin ekoloji monitorinqi və intellektual gəmiçilik üçün yüksəkixtisaslı kadr təminatı üzrə birgə tədqiqatlar;
  • Elmi inteqrasiya və laboratoriya konsepsiyası: Akademiyanın elmi fəaliyyət uçotu sisteminin Alyansın birgə elmi nəticələrinin izlənməsi platforması kimi tətbiqi və “Xəzərin intellektual dəniz sistemləri” birgə laboratoriya konsepsiyasının işlənməsi;
  • Akademik mübadilə: Müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi nəşrlərin hazırlanması və beynəlxalq simpozium və konfransların təşkili.

Qeyd olunub ki, əldə olunan bu tarixi razılaşmalar və beynəlxalq Alyansa üzvlük Akademiyanın qlobal elmi şəbəkələrə inteqrasiyasına, dənizçilik təhsilində süni intellekt və rəqəmsal texnologiyaların geniş tətbiqinə, eləcə də Xəzər regionunun dəniz kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəkdir.