ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” (CVN-72) atom aviadaşıyıcısı səkkiz aydan çox davam edən fasiləsiz dəniz növbətçiliyindən sonra ilk liman ziyarəti üçün Tailandın Pattaya limanına daxil olub.
Denizxeber.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, uzunmüddətli və gərgin döyüş tapşırıqları gəminin heyəti və texniki təminatında kəskin problemlər yaradıb.
“Military Times” nəşrinin yaydığı məlumata görə, gəmidəki dənizçilər arasında həddindən artıq iş yükü, fiziki yorğunluq və ağır depressiv vəziyyət səbəbindən bir neçə intihar faktı qeydə alınıb. “MS Now” telekanalı bildirir ki, aylar boyu davam edən fasiləsiz səfər nəticəsində gəminin kondisioner sistemlərində, isti su təchizatında və sanitar qovşaqlarda ciddi nasazlıqlar yaranıb. Dənizçilərin fiziki və emosional tükənməsinin, eləcə də infrastrukturdakı problemlərin gəmidəki göyərtə aviasiyasının (təyyarələrin qalxma və enmə avadanlıqlarının) təhlükəsiz idarə olunmasına mənfi təsir göstərdiyi vurğulanır.
Nəhəng gəminin şəxsi heyətinə Birləşmiş Ştatların dəniz bazası yaxınlığında yerləşən Pattayada qısamüddətli istirahət imkanı yaradılıb.





