Cənubi Koreyadan strateji addım

73

Cənubi Koreya Hörmüz boğazında kommersiya gəmilərinin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsinə dəstək məqsədilə bölgəyə hərbi qüvvələr göndərilməsi imkanını nəzərdən keçirir.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” hökumət və hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hərbi bölmələrin bölgəyə göndərilməsinin ilin sonunadək həyata keçirilməsi planlaşdırılır. Bununla bağlı Seul hökuməti hazırda parlamentin təsdiqini almaq üçün zəruri prosedurlar üzərində işləyir.

Cənubi Koreya rəsmiləri missiyanın mümkün formatı ilə bağlı bir neçə variantı nəzərdən keçiriblər. Bu variantlar arasında dəniz patrul təyyarəsinin, maddi-texniki təminat gəmisinin və ya minatəmizləmə qrupunun bölgəyə göndərilməsi də yer alır.

Bununla belə, Cənubi Koreya hökuməti bölgəyə hərbi qüvvələrin göndərilməsi ilə bağlı yekun qərarın qəbul edildiyi barədə məlumatları təkzib edib.

Rəsmi Seuldan bildirilib ki, Hörmüz boğazında gəmiçiliyin sərbəst hərəkətinə dəstək verməyin praktiki yolları müzakirə olunur. Missiyanın dəqiq tərkibi və onun nə vaxt həyata keçiriləcəyi ilə bağlı isə hələlik yekun qərar yoxdur.

Hörmüz boğazı qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır və burada təhlükəsiz gəmiçiliyin təmin edilməsi beynəlxalq dəniz nəqliyyatı üçün mühüm məsələlərdən biri olaraq qalır.