5 buz sinifli gəmi hazırlanır

130

Çinin “NewNew Shipping Line” şirkəti və Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” Şimal Dəniz Marşrutu (ŞDM) üzrə ilboyu kommersiya daşımalarının həyata keçirilməsinə imkan verəcək beş böyük buz sinifli konteyner gəmisinin layihəsini hazırlayır.

Denizxeber.az bildirir ki, bu barədə “Seanews.az” məlumat yayıb.

Məlumata görə, Arc7 buz sinfinə aid olacaq gəmilər Rusiyanın “United Shipbuilding Corporation” şirkəti tərəfindən layihələndirilib.

Gəmilərin uzunluğunun 255 metr, eninin isə 35 metr olması nəzərdə tutulur. Onların hər birinin 4 800 TEU-dan çox konteyner daşımaq imkanına malik olacağı bildirilir.

Konteyner gəmiləri 46 MVt gücündə dizel-elektrik enerji qurğusu ilə təchiz ediləcək. Bu sistem gəmilərə qalınlığı 1,7 metrədək olan birillik buzları müstəqil şəkildə yarmağa imkan verəcək.

Gəmilərin eni Rusiyanın “Project 22220” layihəsi üzrə inşa edilən nüvə buzqıranlarının açdığı kanalların ölçülərinə uyğunlaşdırılıb. Bu isə buz şəraitinin ağırlaşdığı dövrlərdə konteyner gəmilərinin mövcud buzqıran müşayiəti sistemindən istifadə etməsinə imkan verəcək.

Layihə üzrə işlərin 2024-cü ildən davam etdiyi bildirilir. Bununla belə, gəmilərin tikintisinə hələ başlanılmayıb.

Tərəflər ilk gəminin 2027-ci ildən gec olmayaraq istismara verilməsini planlaşdırırdılar. Hazırda isə layihənin icra qrafiki ilə bağlı qeyri-müəyyənlik qalır.

Bununla yanaşı, “NewNew Shipping Line” ayrıca altı ədəd 4 800 TEU tutumlu konteyner gəmisindən ibarət donanma formalaşdırır.

Məlumata görə, həmin gəmilərdən dördünün 2026-cı ilin oktyabrında Çin–Sankt-Peterburq marşrutunda, digər ikisinin isə 2027-ci ilin iyununda xidmətə başlaması planlaşdırılır.

Şirkət 2027-ci ilin yay naviqasiya mövsümündə Şimal Dəniz Marşrutu ilə 1,2 milyon ton yük daşımağı hədəfləyir.

Arc7 buz sinifli yeni konteyner gəmilərinin istifadəyə verilməsi isə ŞDM üzrə kommersiya daşımalarının yalnız qısa yay naviqasiya mövsümü ilə məhdudlaşmaması, payız və qış aylarında da davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər.

Beləliklə, layihənin reallaşması Arktika marşrutunun ilboyu kommersiya gəmiçiliyi üçün istifadəyə verilməsi istiqamətində mühüm addımlardan biri ola bilər.