Dənizçilər arasında ölüm hallarının əsas səbəbi istehsalat qəzaları və xəsarətlər deyil, müxtəlif xəstəliklərdir.
Denizxeber.az bildirir ki, bu barədə “Britannia P&I Club”-ın yeni hesabatında qeyd olunub.
Klubun təxminən 3 000 ekipajla bağlı sığorta tələbi üzrə apardığı təhlilə əsasən, dənizçilər arasında ölümlərin 81 faizi xəstəliklər, 19 faizi isə xəsarətlər nəticəsində baş verib.
Xəstəlikdən ölüm hallarının 58 faizinin ürək-damar xəstəlikləri ilə bağlı olduğu müəyyənləşdirilib. Ümumilikdə isə xəstəliklər ekipajla bağlı bütün sığorta tələblərinin 60 faizini, xəsarətlər isə 36 faizini təşkil edib.
Hesabatda gənc dənizçilər arasında psixi sağlamlıqla bağlı risklərin artmasına da diqqət çəkilir.
Bildirilib ki, intihar və dənizdə itkin düşmə halları gənc dənizçilərə daha çox təsir göstərir. Bu göstəricilər ekipaj üzvlərinin yalnız fiziki deyil, psixoloji sağlamlığının da qorunmasının vacibliyini ortaya qoyur.
Əməliyyat riskləri arasında isə əl və barmaq xəsarətləri ən çox qeydə alınan xəsarət növü olub. Bu hallar xəsarətlərlə bağlı sığorta müraciətlərinin 27 faizini təşkil edib.
Xəsarətlər nəticəsində baş verən ölüm hallarının isə üçdə birindən çoxunun dənizə düşmə ilə əlaqəli olduğu bildirilib.
Hesabatda dənizçilərin sağlamlığının qorunması, iş zamanı risklərin düzgün qiymətləndirilməsi, təhlükəsiz iş üsullarının tətbiqi və fərdi mühafizə vasitələrindən davamlı istifadə əsas prioritetlər kimi göstərilir.
Mütəxəssislərin fikrincə, dənizçilərin təhlükəsizliyinin təmin edilməsi yalnız qəza risklərinin azaldılması ilə məhdudlaşmamalı, ekipaj üzvlərinin mütəmadi tibbi müayinəsi və psixi sağlamlığına diqqətin artırılmasını da əhatə etməlidir.





