Logistik böhran dərinləşir

62

Asiyanın ən işlək 14 konteyner limanının hamısında gəmilərin vaxtında çatma göstəricisi azalıb. Gecikmələrə əsas səbəb kimi ekstremal hava şəraiti və qlobal təchizat zəncirində yaranan problemlər göstərilir.

Denizxeber.az bildirir ki, bu barədə “Sea-Intelligence” analitiklərinin məlumatında qeyd olunub.

Məlumata görə, dünyanın iki ən böyük konteyner limanı hesab olunan Şanxay və Ninbo-Çjouşan limanlarında ardıcıl tayfunlar ciddi gecikmələrə səbəb olub.

İyul ayında Ninbo-Çjouşan limanında gəmilərin yalnız 34,6 faizi, Şanxay limanında isə cəmi 21 faizi vaxtında çatıb. Şanxay üzrə bu göstərici son 14 ildə qeydə alınan ən aşağı səviyyə olub.

Ən böyük geriləmə Çinin cənubunda yerləşən Yantyan limanında qeydə alınıb. Burada gəmilərin vaxtında çatma göstəricisi 23,5 faiz bəndi azalaraq 48,3 faizə düşüb.

Digər əsas Asiya limanlarında da vəziyyət ürəkaçan olmayıb. İyul ayında vaxtında çatma göstəricisi:

  • Honq-Konq – 51,6%;
  • Sinqapur – 43,2%;
  • Busan – 40,9%;
  • Kelanq – 33,3% təşkil edib.

Asiyanın əsas limanlarında yaranan gecikmələr qlobal konteyner daşımalarının cədvəl üzrə etibarlılığına da təsir göstərib. Belə ki, iyul ayında qlobal vaxtında çatma göstəricisi 56,1 faizə enib.

“Sea-Intelligence” hesab edir ki, limanlarda yaranmış sıxlıq qarşıdakı aylarda digər əsas gəmiçilik marşrutlarında da əlavə gecikmələrə səbəb ola bilər.

Asiya limanlarında yaranan sıxlıq bəzi gəmiçilik şirkətlərinin marşrut strategiyalarına da təsir göstərir. Mövcud vəziyyət bir sıra daşıyıcıları Süveyş kanalı və Qırmızı dənizdən keçən marşrutlara qayıtmaq imkanını nəzərdən keçirməyə sövq edir.

Bu tendensiyanın davam etməsi qlobal konteyner daşımalarında həm tranzit müddətlərinə, həm də logistika xərclərinə əlavə təzyiq yarada bilər.