Bakıda böyük idman həyəcanı – FOTO

117

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” beynəlxalq triatlon yarışına start verilib.

Denizxeber.az bildirir ki, yarışda dünyanın 62 ölkəsindən 1500-dən çox idmançı iştirak edir.

Azərbaycan yarışda 123 idmançı ilə təmsil olunur.

“IRONMAN 70.3” kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir. Yarış iştirakçıları 18–24, 25–29, 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60–64, 65–69, 70–74, 75–79 və 80–84 yaş qruplarında mübarizə aparırlar.

Əsas yarışda 807 kişi və 197 qadın iştirak edir. Ən gənc iştirakçının 18, ən yaşlı iştirakçının isə 80 yaşı var.

“IRONMAN 70.3” çərçivəsində estafet yarışı da təşkil olunacaq. Kişi, qadın və qarışıq komandalar arasında keçiriləcək yarışda ümumilikdə 47 komanda iştirak edəcək.

Yarışın yekunlarına əsasən ən aktiv üç klub da mükafatlandırılacaq.

Triatlon iştirakçıları ümumilikdə 113 kilometr məsafə qət edəcəklər. Buraya 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələləri daxildir.

“IRONMAN 70.3 Baku” yarışında kişilər və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə əldə edəcək.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.