Londonun sərt mövqeyi

71

Denizxeber.az bildirir ki, Britaniya hökuməti həftəsonu Dover və Portsmut şəhərlərində kiçik qayıqlarla ölkəyə gələn miqrantlara qarşı keçirilən etiraz aksiyaları zamanı nümayişçilərin davranışını pisləyib.

BBC-nin məlumatına görə, hər iki şəhərdə yüzlərlə insanın iştirakı ilə keçirilən aksiyalar ciddi nəqliyyat problemlərinə səbəb olub.

İlk etiraz aksiyası sentyabrın 5-də səhər saatlarında Doverdə keçirilib. Qara geyimdə və üzlərini örtən bəzi nümayişçilər limana giriş-çıxış yollarını bağlayıb, aksiya zamanı “Qayıqları dayandırın” şüarları səsləndirilib.

Bazar günü axşam saatlarında isə Portsmutda yüzlərlə insan etiraz aksiyasına qoşulub. Aksiyaya La-Manş boğazını rezin qayıqla keçən 140 miqrantın Britaniya sahillərinə çatması səbəb olub. Britaniya sularına daxil olduqdan sonra miqrantların olduğu qayıq xilasedici katerlərin müşayiəti ilə sahilə gətirilib.

Nümayişçilər miqrantların Kent qraflığındakı Manston miqrantların qəbulu və emalı mərkəzinə aparılmasının qarşısını almağa çalışdıqlarını bildiriblər. Onlar miqrantları şəhərdən aparan nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq məqsədilə yolları bağlayıblar.

Britaniya hökumətinin sözçüsü nümayişçilərin davranışını “hədələyici və xuliqanlıq xarakterli” adlandıraraq pisləyib.

Britaniyada La-Manş boğazı üzərindən kiçik qayıqlarla ölkəyə gələn miqrantların sayı son illərdə hökumətin qarşılaşdığı əsas siyasi və sosial məsələlərdən biri olaraq qalır.