İran Cənubi Koreyanı Hörmüz boğazına hərbi qüvvə göndərməməyə çağırıb
Denizxeber.az bildirir ki, İran Xarici İşlər Nazirliyi Cənubi Koreyanın Hörmüz boğazına hərbi qüvvə göndərməsi və ya burada hərbi əməliyyatlarda iştirak etməsi halında Seulu ciddi nəticələrin gözləyə biləcəyi barədə xəbərdar edib.
İran XİN-in sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, İranla Cənubi Koreya arasında münasibətlərin 64 ildən çox tarixi var və bu əlaqələr qarşılıqlı hörmət prinsipinə əsaslanır.
“İran Koreya Respublikası ilə dostluq münasibətlərinə böyük önəm verir. Lakin İran xalqının ABŞ-nin təcavüzünə qarşı mübarizə apardığı və ABŞ-nin iranlı qadın və uşaqlara qarşı hərbi cinayətlərinə qətiyyətlə cavab verdiyi bir vaxtda digər ölkələrin Fars körfəzində və ya Hörmüz boğazında hərbi mövcudluğu, yaxud əməliyyatlarda iştirakı təcavüzə birbaşa dəstək kimi qiymətləndirilə bilməz. Bu addım öz ardınca ciddi nəticələr gətirəcək”, – deyə Bəqai bildirib.
İranlı diplomat həmçinin məsuliyyətli və suveren dövlətlərin ABŞ-nin təzyiq və şantajına boyun əyməməli olduğunu vurğulayıb.
“Məsuliyyətli və suveren dövlətlər ABŞ-nin təzyiqinə, şantajına boyun əyməməli, böyük İran xalqına qarşı yönəlmiş cinayətkar planlarda və təcavüzdə iştirak etməməlidirlər”, – deyə o qeyd edib.
Tehranın açıqlaması Cənubi Koreyanın Hörmüz boğazında hərbi iştirak ehtimalı ilə bağlı müzakirələrin fonunda verilib.





