SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqlayıb
Denizxeber.az bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri ABŞ-yə məxsus müasir “Dive-LD” avtonom pilotsuz sualtı aparatını Hörmüz boğazının girişində ələ keçirdiyini açıqlayıb.
SEPAH Hərbi-Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib ki, sözügedən aparat ABŞ ordusunun ən müasir intellektual pilotsuz sualtı sistemlərindən biridir.
“ABŞ ordusunun ən müasir intellektual pilotsuz sualtı aparatlarından biri Hörmüz boğazının girişində ələ keçirilib”, – deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, “Dive-LD” avtonom sualtı pilotsuz aparatı 2025-ci ildən ABŞ Hərbi Dəniz Qüvvələrinə tədarük edilməyə başlanılıb.
SEPAH aparatın necə ələ keçirildiyi və hadisənin hansı şəraitdə baş verdiyi barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.





