Xəzərdə yeni səhifə

162

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizi üzərindən sərnişin daşımalarının yenidən bərpa olunması planlaşdırılır.

Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.

Diplomatın sözlərinə görə, Qazaxıstan tərəfi Azərbaycana Kurık–Bakı–Kurık limanları arasında bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsini təklif edib.

Səfir qeyd edib ki, sərnişin daşımalarının dayandırılmasına qədər Xəzər dənizi vasitəsilə bu istiqamətdə ildə təxminən 1500 sərnişin daşınıb. Onun sözlərinə görə, gələcəkdə bu marşrut üzrə səyahət etmək istəyən sərnişinlərin sayının artacağı gözlənilir.

“Bərə xəttinin yenidən işə salınması iki ölkə arasında sərnişin əlaqələrinin inkişafına təkan verəcək, turizm mübadiləsini gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək”, – deyə A.Bayel bildirib.

Səfir Azərbaycan tərəfinin Qazaxıstanın təklifini dəstəklədiyini də açıqlayıb. Hazırda hər iki ölkənin müvafiq nəqliyyat qurumları sərnişin əlaqələrinin bərpası istiqamətində işlərə başlayıb.

Qeyd edək ki, Kurık–Bakı–Kurık marşrutu üzrə sərnişin daşımaları 2020-ci ilədək həyata keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar dayandırılan reyslərin yenidən bərpası Xəzər üzərindən nəqliyyat və turizm əlaqələrinin genişləndirilməsinə imkan yarada bilər.