Neft tankerlərinə zərbələr – VİDEO

69

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın beş neft tankerinin zərbələr nəticəsində sıradan çıxarıldığını açıqlayıb.

Denizxeber.az bildirir ki, hadisə sentyabrın 8-də baş verib. Komandanlıq bildirib ki, bu addım İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əvvəlki iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə iki dəfə ballistik raketlərlə hücum etməsindən sonra həyata keçirilib.

CENTCOM-un açıqlamasında qeyd olunub ki, Oman körfəzində hərəkət edən “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri, həmçinin Xark adası yaxınlığında yerləşən “Derya” gəmisi ABŞ qüvvələrinin zərbələrinə məruz qalıb.

ABŞ tərəfi sözügedən gəmilərin İranla əlaqəli olduğunu bildirir. Tankerlərin göyərtəsində ekipaj üzvlərinin olub-olmaması və hadisə nəticəsində ölən və ya yaralananların sayı barədə açıqlamada məlumat verilməyib.

CENTCOM həmçinin bildirib ki, sentyabrın 5-də ABŞ hərbçiləri İrana məxsus daha üç neft tankerini sıradan çıxarıb.

Beləliklə, ABŞ tərəfinin açıqlamasına əsasən, son günlər ərzində İranın ən azı səkkiz neft tankeri hədəfə alınıb. Hadisələrlə bağlı İran tərəfindən əlavə açıqlama verilib-verilmədiyi barədə məlumat yoxdur.