İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirməsi nəticəsində Tehranın qabaqcıl ABŞ hərbi texnologiyalarını öyrənmək imkanı əldə etdiyi iddia olunur.
Denizxeber.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalına istinadən məlumat yayılıb.
Məlumata görə, ələ keçirildiyi bildirilən pilotsuz sualtı aparat əməliyyat şəraiti barədə məlumatların toplanması və komandanlıq mərkəzinə ötürülməsi üçün nəzərdə tutulan müasir sensorlar kompleksi, ekoloji monitorinq sistemləri və yüksək dəqiqlikli görüntüləmə kameraları ilə təchiz olunub.
Mənbələrin iddiasına əsasən, aparatın texniki imkanlarının öyrənilməsi İrana ABŞ-nin sualtı sistemlər sahəsində istifadə etdiyi texnologiyalar barədə əlavə məlumat əldə etməyə imkan verə bilər.
Həmçinin qeyd olunur ki, əldə edilən məlumatların mümkün əks-mühəndislik işlərində istifadə edilməsi və gələcəkdə yeni nəsil pilotsuz sualtı aparatların hazırlanması prosesinin sürətləndirilməsi ehtimalı var.
Qeyd edək ki, sözügedən iddiaların müstəqil mənbələr tərəfindən təsdiqlənməsi barədə məlumat verilməyib.





