Logistika şirkətini almasına qarşı çıxmaq istəyirlər

40

Almaniya hökuməti Çinin dövlət şirkəti “Cosco”nun Hamburq limanında fəaliyyət göstərən logistika şirkəti “Zippel”i satın almasına qarşı çıxmağa hazırlaşır.

Denizxeber.az bildirir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb. Bildirilir ki, sövdələşmə ilə bağlı ciddi təhlükəsizlik narahatlıqları mövcuddur və Almaniya hökumətinin alqı-satqını qadağan etməsi gözlənilir.

Məlumata görə, hazırlanan sənədlərdə strateji asılılıqların yaranması riskinə xüsusi diqqət çəkilir. Belə asılılıqların siyasi gərginliklər zamanı təzyiq vasitəsinə çevrilə biləcəyi vurğulanır. “Cosco”nun “Zippel” şirkətinin səhmlərinin 80 faizini əldə etmək niyyətində olduğu bildirilir.

Çin şirkəti 2023-cü ildə Hamburq limanındakı “Tollerort” konteyner terminalının 24,99 faiz payını əldə edib. Həmin vaxt da Çinin Almaniyanın mühüm infrastrukturuna təsirinin artması ilə bağlı narahatlıqlar yaranmış və Almaniya hökuməti yalnız məhdud payın alınmasına razılıq vermişdi.

Çin Almaniyanın və Hamburq limanının ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Bununla belə, yeni sövdələşmə ilə bağlı Berlinin mövqeyinin əsasən milli təhlükəsizlik və strateji asılılıq riskləri ilə əlaqədar olduğu qeyd edilir.