Əməkdaşlığı inkişaf etdirir

133

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Berlində Almaniyanın “Deutsche Bahn” və “Rhenus Group” şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzularından biri olub.

Denizxeber.az Prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşlərdə yük konteyner daşımalarının inkişafı sahəsində fəal əməkdaşlıq qeyd edilib və TITR-ə xüsusi diqqət yetirilib.

“Rhenus Group” şirkətinin İdarə Heyətinin sədri Tobias Bartz ilə görüşdə də TITR-in inkişafı əsas məsələlərdən biri olub. Kasım-Jomart Tokayev müasir limanlar, terminallar, dəmir yolları və rəqəmsal xidmətləri özündə birləşdirən rəqabətqabiliyyətli logistika marşrutunun birgə səylərlə formalaşdırılmasının vacibliyini vurğulayıb.

Qazaxıstan Prezidenti “Rhenus Group”un Aktau limanında multimodal logistika qovşağının yaradılması layihəsində iştirakını alqışlayıb. Tərəflər birgə infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılması məsələsini də müzakirə ediblər.

“Deutsche Bahn” Almaniyanın sərnişin və yük daşımaları həyata keçirən, həmçinin dəmir yolu infrastrukturunu idarə edən aparıcı şirkətidir.

“Rhenus Group” isə nəqliyyat daşımaları, anbar və liman logistikası, eləcə də təchizat zəncirinin idarə olunması sahələrində fəaliyyət göstərən beynəlxalq logistika şirkətidir.