Qara dənizdə ticarət gəmilərinə dron hücumları Bolqarıstan iqtisadiyyatı üçün ciddi təhdid yaradır

12

Qara dənizdə ticarət gəmilərinə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar Bolqarıstanın xarici ticarətinə, sənaye istehsalına və nəqliyyat-logistika sektoruna ciddi təhlükə yaradır.

Denizxeber.az bildirir ki, Bolqarıstanın BTA agentliyinin və yerli iqtisadi nəşrlərin məlumatına görə, regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi dəniz daşımalarının sığorta xərclərinin artmasına, yükdaşıma marşrutlarının bahalaşmasına və ölkənin əsas sənaye müəssisələrinin təchizat zəncirlərində fasilələrin yaranması riskinə səbəb olur.

Bolqarıstanın Bazar İqtisadiyyatı İnstitutunun iqtisadçısı Laçezar Boqdanov bildirib ki, ticarət gəmilərinə hücumlar artıq sığorta haqlarının yüksəlməsinə və dəniz nəqliyyatının bahalaşmasına gətirib çıxarır. Ekspertin fikrincə, hücumlar davam edərsə, Qara dənizdə kommersiya gəmiçiliyinin fəaliyyəti ciddi şəkildə məhdudlaşa, hətta bəzi istiqamətlər üzrə dayana bilər.

Məlumata görə, 2025-ci ildə Bolqarıstanın dəniz limanlarında 27,49 milyon ton yük emal olunub. 2026-cı ilin ilk altı ayında isə limanlarda yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb.

Dəniz nəqliyyatı ölkənin metallurgiya, kimya, neft emalı və kənd təsərrüfatı sektorları üçün xüsusi əhəmiyyət daşıyır. İdxal olunan yüklərin təxminən 46 faizini maye yüklər, o cümlədən yanacaq və kimyəvi məhsullar, 28 faizini isə quru toplu yüklər təşkil edir. İxracda quru toplu yüklərin payı 60 faizdən çoxdur.

İqtisadçı xəbərdarlıq edib ki, daşımaların bahalaşması və ya dayandırılması istehsal müəssisələrinin fəaliyyətində fasilələrə, məhsulların rəqabət qabiliyyətinin azalmasına və ixracın zəifləməsinə gətirib çıxara bilər.

Xüsusilə “Aurubis Bulgaria” və “Stomana Industry” metallurgiya müəssisələri, “Solvay Sodi” və “Agropolychim” kimya şirkətləri, həmçinin Burqasda yerləşən “Lukoil Neftochim Burgas” neft emalı zavodu dəniz daşımalarının sabitliyindən asılı olan iri sənaye obyektləri sırasındadır.

Qara dənizdə təhlükəsizlik vəziyyəti oktyabrın 13-də Bolqarıstan sahilləri yaxınlığında iki ticarət gəmisinə dron hücumundan sonra daha da gərginləşib. Malta bayrağı altında üzən “Chelsea-3” gəmisi Byala şəhərindən 17 dəniz mili şərqdə hücuma məruz qalıb. Hadisədən sonra gəminin 15 heyət üzvü xilas edilib. Digər gəmi isə Krapets yaşayış məntəqəsi yaxınlığında vurularaq batıb.

Hadisələrdən sonra Bolqarıstan hökuməti Avropa İttifaqı və NATO ilə məsləhətləşmələr aparıb, kommersiya gəmiçiliyinin təhlükəsizliyinin gücləndirilməsi üçün beynəlxalq dəstək istəyib.

Bolqarıstan parlamentində təmsil olunan siyasi qüvvələr də Qara dənizdəki vəziyyətin iqtisadi nəticələrindən narahatlıqlarını ifadə ediblər. “Demokratik Bolqarıstan” koalisiyasının nümayəndələri hökumət yanında xüsusi qurumlararası mexanizmin yaradılmasını təklif ediblər. Bu mexanizmin idxal və ixrac əməliyyatlarında yaranan riskləri qiymətləndirməsi, sənaye müəssisələrinin mümkün itkilərini araşdırması və zəruri kompensasiya tədbirləri hazırlaması nəzərdə tutulur.

Ekspertlər Qara dənizdəki risklərlə yanaşı, Dunay çayı üzərindən daşımalarda yaranan problemlərə də diqqət çəkirlər. Bolqarıstanın çay limanlarında 2025-ci ildə təxminən 3,9 milyon ton yük emal olunduğu halda, 2026-cı ilin ilk yarısında yük dövriyyəsi illik müqayisədə təxminən 14 faiz azalıb.

Bundan əlavə, Rumıniya və Bolqarıstan arasında Dunay körpüsü vasitəsilə dəmir yolu əlaqəsinin modernləşdirilməsi ilə bağlı planlaşdırılan fasilələrin regional yükdaşımalar üçün əlavə çətinliklər yarada biləcəyi bildirilir.

Mütəxəssislərin fikrincə, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi yalnız nəqliyyat sektoru üçün deyil, həm də Bolqarıstanın sənaye istehsalının, enerji təchizatının və xarici ticarətinin sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.