Saxalində neft sızmasının təmizlənməsi davam edir

10

“Rosprirodnadzor” mütəxəssisləri Rusiyanın şərqində, Saxalinin cənub-qərb sahilində yerləşən Tomari rayonunun sahilində aşkar edilmiş neft məhsulları sızmasının mənbəyini müəyyənləşdirirlər.

Denizxeber.az bildirir ki, bu barədə rayon administrasiyasının mətbuat xidmətindən “İnterfaks”a məlumat verilib.

“Penzenskoye kəndi ərazisində sahilin üç kilometrlik hissəsi neft məhsullarından təmizlənib. Uzunluğu hələ müəyyən edilməyən daha iki sahəni təmizləmək qalır. Ərazinin çirklənməsinin tam sahəsini hələlik göstərə bilmərik”, – agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri üçün təhlükə yoxdur, Tatar boğazının akvatoriyasında neft ləkələri aşkar edilməyib. Təmizləmə işləri bazar ertəsi başlayıb.

“Neft məhsulları sızmasının mənbəyi hələ müəyyən edilməyib, bu məsələ ilə “Rosprirodnadzor” idarəsinin mütəxəssisləri məşğul olurlar”, – deyə mətbuat xidmətindən bildiriblər.