Çinli alimlər su qıtlığına karşı yeni suvarma strategiyası təklif ediblər

8

Çinli alimlər su qıtlığının qarşısını almaq və ərzaq istehsalını qorumaq üçün yeni suvarma strategiyası təklif ediblər. Yeni yanaşma mövcud əkin sahələrində suya qənaət edən texnologiyaların tətbiqini və qənaət olunan su hesabına bəzi yeni sahələrin suvarılmasını nəzərdə tutur.

Denizxeber.az Sinxuaya istinadla xəbər verir ki, “Nature Food” jurnalında dərc olunan tədqiqatda qarğıdalı, buğda və düyü istehsalı araşdırılıb. Alimlərin hesablamalarına görə, mövcud suvarma texnologiyalarının tətbiqi davam edərsə, 2030-cu ilədək bu üç əsas kənd təsərrüfatı məhsulu üzrə su sərfiyyatı 9,4 faiz azala bilər. Bu göstərici Çinin qarşıya qoyduğu suya 25,5 faizlik qənaət hədəfindən aşağıdır.

Tədqiqatçılar qarğıdalı sahələrində daha müasir suvarma texnologiyalarının tətbiqini və suvarılan ərazilərin müəyyən qədər genişləndirilməsini, buğda və düyü istehsalında isə su ehtiyatlarından daha qənaətlə istifadəni təklif edirlər.

Alimlər vurğulayırlar ki, suvarma sistemlərinin təkmilləşdirilməsi ilə yanaşı, iqlim dəyişikliklərinə davamlı bitki sortlarının yetişdirilməsi və müasir əkinçilik üsullarının tətbiqi də vacibdir. Bu tədbirlər su ehtiyatlarının qorunmasına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə kömək edə bilər.