Hörmüz böhranı nəticəsində yanacaq xərclərinin artmasından ən çox ABŞ zərər çəkib

8

Hörmüz boğazı ətrafında yaranan qlobal neft böhranı nəticəsində yanacaq xərclərinin artmasından ən çox ABŞ zərər çəkib.

Denizxeber.az xarici mediaya istinadla xəbər verir ki, fevralın sonunda ABŞ və İsrailin İrana qarşı hücumlara başlamasından bəri benzin və dizel yanacağının qiymətlərinin artması dünya üzrə istehlakçılara əlavə 468 milyard dollara başa gəlib. Hörmüz boğazı ətrafında yaranan qlobal neft böhranı ABŞ-yə digər ölkələrlə müqayisədə daha çox təsir göstərib. Böhran Birləşmiş Ştatların yanacaq xərclərini 160 milyard dollar artırıb. Bu məbləğ qlobal miqyasda yaranan əlavə xərclərin təxminən üçdə birini təşkil edir. Çin 54 milyard dollar əlavə xərclə ikinci, Kanada isə 17 milyard dollarla üçüncü yerdə qərarlaşıb.

Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-də yanacağın bahalaşması adambaşına 471 dollar əlavə xərc yaradıb. Bu göstərici dünya üzrə orta hesabla qeydə alınan 60 dollarlıq əlavə xərcdən təxminən 8 dəfə çoxdur. ABŞ-dən sonra adambaşına düşən əlavə yanacaq xərcləri Kanadada 422 dollar, Avstraliyada isə 386 dollar təşkil edib.

ABŞ-də yanacaq qiymətlərinin artım tempi digər bazar iqtisadiyyatlarına yaxın olsa da, ölkədə adambaşına yanacaq istehlakının yüksək olması və neftdən asılılığın azaldılması istiqamətində nisbətən məhdud irəliləyiş əldə edilməsi vəziyyəti fərqləndirir.

Birləşmiş Ştatlarda benzinlə işləyən avtomobillərin sürücüləri mart ayından bəri yanacağa orta hesabla əlavə 440 dollar xərcləyiblər. Elektrik avtomobillərindən istifadə edənlərin enerjidoldurma xərclərindəki artım isə cəmi 17 dollar olub.

Bu ilin ilk 8 ayında ABŞ-də elektrik avtomobillərinin yeni avtomobil satışlarındakı payı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz bəndi azalaraq 7,3 faizə düşüb. Müqayisə üçün, bu göstərici Çində 57 faiz, Avropa İttifaqında 32 faiz, Norveçdə isə 98 faiz təşkil edib.

Həmçinin 2023-cü ildən etibarən yanacaq istehlakını azaldan ölkələr xərclərin artımını məhdudlaşdıra biliblər. İstehlakın azalması sayəsində Çin təxminən 10,8 milyard dollar, Almaniya 3,7 milyard dollar, ABŞ isə 5,7 milyard dollar qənaət edib.