Rumıniyanın Sulina limanı yaxınlığında göyərtəsində azərbaycanlı dənizçilərin də olduğu yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Denizxeber.az bildirir ki, hadisə gecə saat 02:00 radələrində qeydə alınıb. Palau bayrağı altında üzən “Larissa 1” yük gəmisinin heyəti ümumilikdə 14 nəfərdən ibarət olub. Onlardan 13 nəfəri Azərbaycan, 1 nəfəri isə Türkiyə vətəndaşıdır.
Gəmi kapitanının verdiyi məlumata əsasən, hücum nəticəsində ekipaj üzvləri arasında xəsarət alan olmayıb və gəmidə yanğın baş verməyib. PUA-nın zərbəsi nəticəsində ilkin olaraq gəminin yük kranına ziyan dəydiyi bildirilir. Rumıniyanın aidiyyəti qurumları hadisə ilə bağlı araşdırmalara başlayıblar.







