Benqazi sahillərində Rusiya gəmilərinə hücum zamanı yaralanan iki liviyalı hərbçi vəfat edib

16

Liviyanın Benqazi şəhərinin sahillərində Rusiyaya məxsus iki gəmiyə hücum nəticəsində yaralanan iki liviyalı hərbçi vəfat edib. Ukrayna hücumda məsuliyyəti öz üzərinə götürüb.

Denizxeber.az “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun komandanının müavini, feldmarşal Xəlifə Həftərin oğlu Saddam Həftər bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bazar günü Rusiyaya məxsus iki hərbi gəmiyə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, gəmilərdən biri Benqazi limanında, digəri isə şəhərin sahilləri yaxınlığında hədəfə alınıb. Hücum Ukrayna istehsalı olan yeddi dəniz pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib və nəticədə hər iki gəmi batırılıb.

BMT-nin Liviyaya Dəstək Missiyası bu hücumlardan ciddi narahatlığını ifadə edib. Missiya hadisənin dərhal və müstəqil şəkildə araşdırılmasını, məsul şəxslərin isə qanun qarşısında cavab verməsini tələb edib.

BMT missiyası, həmçinin Liviyanın daha geniş regional və ya beynəlxalq qarşıdurmalara cəlb olunması təhlükəsi barədə xəbərdarlıq edib.