Kəskin qastroenteritə səbəb olan norovirus, noyabrın 15-də Karib dənizində hərəkət edən “Caribbean Princess” kruiz laynerində kütləvi xəstəlik halının yaranmasına gətirib çıxarıb.
Denizxeber.az bildirir ki, bu barədə məlumat ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin rəsmi bəyanatında öz əksini tapıb.
Qurumun təqdim etdiyi statistikaya əsasən, gəmidəki 2 936 sərnişindən 233-ü (7.9%), həmçinin 1 132 heyət üzvündən 35-i (3.1%) infeksiyaya yoluxub. Gəmi noyabrın 11-də Floridanın Fort-Loderdeyl limanından yola düşüb. Karib dənizi hövzəsində 12 günlük səyahət planlaşdırılan laynerin geri qayıdış tarixi noyabrın 23-nə təyin edilmişdi.





