Beynəlxalq Dəniz Təşkilatı gəmiçilik şirkətlərini kursantlar üçün daha çox təcrübə yeri ayırmağa çağırıb

9

Beynəlxalq Dəniz Təşkilatı (IMO) gəmiçilik şirkətlərini kursantlar üçün daha çox təcrübə yeri ayırmağa çağırıb. Təşkilat ixtisaslı dənizçilərə artan tələbatla gənclərin gəmidə praktiki hazırlıq keçmək imkanlarının məhdudluğu arasındakı uyğunsuzluğa diqqət çəkib.

Denizxeber.az bildirir ki, IMO bu problemin həlli məqsədilə hökumətlər, gəmi sahibləri və dənizçilik təhsili müəssisələri arasında əməkdaşlığı nəzərdə tutan “NextWave Seafarers” təşəbbüsünün ikinci mərhələsinə başlayıb.

Noyabrın 20-də Londonda IMO-nun qərargahında 25-dən çox ölkəni təmsil edən 80-dən artıq iştirakçının qatıldığı tədbirdə təşəbbüsün yeni mərhələsi təqdim olunub. Proqramın ilkin mərhələsində Səudiyyə Ərəbistanının Nəqliyyat üzrə Baş İdarəsi və milli gəmiçilik şirkəti “Bahri” ilə əməkdaşlıq çərçivəsində inkişaf etməkdə olan ada dövlətlərindən və ən az inkişaf etmiş ölkələrdən olan 19 kursant bu şirkətin gəmilərində təcrübə keçib.

İkinci mərhələdə daha azı 30 kursantın hazırlanması nəzərdə tutulur. İştirakçıların yarısının qadın olması hədəflənir. Həmçinin təcrübə yerləri təmin etmək üçün azı beş gəmiçilik şirkətinin təşəbbüsə cəlb edilməsi planlaşdırılır.

Tədbirdə kursantların gəmilərdə təcrübə keçməsinə mane olan viza məhdudiyyətləri və ekipaj dəyişiklikləri ilə bağlı çətinliklər, eləcə də gənc dənizçilər üçün təhlükəsiz və dəstəkləyici iş mühitinin yaradılması müzakirə edilib.

IMO bildirir ki, dənizçilik təhsilinin genişləndirilməsi kifayət deyil: məzunlar peşəkar sertifikat almaq üçün tələb olunan dəniz təcrübəsini keçə bilmədikdə, ixtisaslı zabitlərin sayını artırmaq mümkün olmayacaq. Təşkilat gəmiçilik şirkətlərini və hökumətləri təşəbbüsə qoşulmağa, kursantlar üçün təcrübə yerləri ayırmağa çağırır.