Braziliyanın Santus limanı elektrik kəsintisindən sonra kiberhücuma məruz qalıb

11
Cargo Ship At Santos In Sao Paulo Brazil. Port Of Santos Scenery. Cargo Ship. Maritime Transportation. Cargo Ship At Santos. Freight Ship Sailing.

Braziliyanın Santus limanında noyabrın 6-da baş vermiş elektrik nasazlığı və enerji təchizatının kəsilməsi nəticəsində məlumat mərkəzlərinin fəaliyyəti dayanıb. Serverlər yenidən işə salındıqdan sonra limanın sistemlərinə müdaxilə edən hakerlər məlumatları silərək inzibati proqram təminatına ciddi ziyan vurublar.

Denizxeber.az bildirir ki, kiberinsident nəticəsində elektron girişə nəzarət, ödənişlərin idarə edilməsi, yük avtomobillərinin hərəkətinin planlaşdırılması və rəqəmsal sənəd dövriyyəsi sistemləri sıradan çıxıb. Bu səbəbdən bir sıra əməliyyatlar, o cümlədən təhlükəsizliklə bağlı qeydiyyat işləri müvəqqəti olaraq kağız üzərində aparılıb. Müstəqil fəaliyyət göstərən terminallar isə kiberhücumdan zərər görməyib.

Hadisədən sonra liman ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib. Hər girişdə iki mühafizəçi yerləşdirilib, əraziyə daxil olan və çıxan bütün şəxslərin və nəqliyyat vasitələrinin yoxlanılmasına başlanıb.

Sonrakı günlərdə yük avtomobillərinin hərəkətinin planlaşdırılması proqramı və sənəd dövriyyəsi sistemi qismən bərpa edilib. Bununla belə, bəzi sistemlərin sabit fəaliyyətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Liman administrasiyasının məlumatına görə, kiberinsidentə baxmayaraq, fiziki liman əməliyyatları dayanmayıb və fəaliyyət ehtiyat, əl üsulları ilə davam etdirilib.