İran gəmilərini Venesuelaya göndərib

268

İranın yanacaq yüklü beş neft tankeri Venesuelaya yola düşüb. Bu haqda məlumatı monitorinq xidmətlərinin istinadlarına əsaslanan “Al-Masdar News” internet qəzeti verib. Modern.az xəbər verir ki, məlumatda gəmilərin artıq Atlantik okeanının sularında irəlilədiyi qeyd edilir. Son iyirmi ildə İran İslam Respublikası ilk dəfə olaraq Cənubi Amerika ölkəsinə belə böyük həcmli yanacaq tədarükü göndərir.  

“Al-Masdar News” İranın bu yükü rahatlıqla çatdıra biləcəyinə əmin olmadığını yazır. Belə ki, son bir neçə gün ərzində ABŞ-ın hərbi-dəniz qüvvələri Karib dənizinə – Venesuela sahilləri yaxınlığına ən azı dörd hərbi gəmi yollayıblar və bu gəmilər İran tankerlərini ələ keçirə bilərlər.

Hazırda Venesuela ABŞ və onun müttəfiqləri tərəfindən ticari blokadaya alındığı üçün yanacaq böhranı keçirir. İran da həmçinin Amerika sanksiyalarına məruz qalıb.

Mayın 14-də Venesuela hökuməti BMT-yə ölkəyə basqınla bağlı şikayət göndərib. Müraciətdə deyilir ki, prezident Nikolas Maduro ABŞ və Kolumbiyadan olan xarici qüvvələr tətəfindən öldürülməyə cəhd edilib.