Bakı, Türkmənbaşı, Aktau və Kurık Limanları COVID-19 pandemiyası ilə birgə mübarizə tədbirlərini müzakirə ediblər

323

May ayının 20-də Türkmənistanın Türkmənbaşı limanı və ölkənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 4 Xəzəryanı limanın COVID-19 pandemiyası dövründə birgə fəaliyyəti və qarşılıqlı maraq kəsb edən digər məsələlər video konfrans formatında müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanqulıyev diqqəti strateji əhəmiyyət kəsb edən Orta Dəhlizin məhdudiyyətsiz və operativ işləməsinə cəlb edib. Cənab səfir qeyd edib ki, pandemiya ilə bağlı olaraq qeyd olunan dəhliz üzrə yükaşırmaların həcmi ciddi sürətdə artmışdır, amma, buna baxmayaraq Azərbaycan, Türkmənistan və Qazaxıstan limanlarının sıx əməkdaşlığı sayəsində yükaşırmada yubanma qeydə alınmamışdır.

Orta Dəhlizin məhdudiyyətsiz işləməsi aprelin 10-da baş tutan və Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşü və may ayının 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü zamanı da xüsusi vurğulanıb.

Bakı Limanının Baş direktorunun müavini Vahid Əliyev limanın 24/7 gücləndirilmiş iş rejimində işlədiyini, sürətli dezinfeksiya işlərinin aparıldığını qeyd edib. Bildirilib ki, COVID-19-un yayılmasının qarşısının alınması məqsədilə Bakı Limanına daxil olan bütün TIR sürücüləri liman ərasizində yaradılmış xüsusi “müvəqqəti saxlanc” zonasına daxil olurlar. Bu ərazidə ilk öncə onlardan laborator analizlər götürülür və səhhətləri nəzarət altında saxlanılır. Sürücülərin test cavabı çıxana qədər müvəqqəti saxlanc zonasında qalırlar. Test nəticəsində virus aşkarlanmamış sürücülər Limanın “steril (təmiz) zonasına” daxil olurlar. Qeyd olundu ki, eyni yanaşma yüklərin əsəs daxil olduğu “Qırmızı Körpü” gömrük sərhəd məntəqəsində də tədbiq olunur və liman əməkdaşları, Dövlət Gömrük Komitəsi, TƏBİB və Referance Hospitalının həkimləri ilə birgə test işini orada da təşkil ediblər. Xüsusi olaraq qeyd olundu ki, Bakı Limanı COVID-19 ilə mübarizə təcrübəsini Qazaxıstan və Türkmənistan limanları ilə bölüşüb.

Tərəflər arasında liman ilə sanitar-epidemioloji, gömrük və sərhəd xidmətləri arasında sıx əməkdaşlığın və eyni zamanda, ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi çərçivəsində iştirakçı limanlar arasında elektron məlumat mübadiləsi işinin intensivliyinin əhəmiyyəti barədə müzakirələr aparılıb.

Onlayn müzakirədə Türkmənbaşı Beynəlxalq Dəniz Limanının Direktor müavini Mərdan Meretkılıçov, ölkənin Aktau şəhərindəki Baş konsulu Məhəmmədnur Ovezov və Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin şöbə müdiri Sabir Rzayev iştirak ediblər.