Qırğızıstan-Türkiyə marşrutu ilə dəmiryol yükdaşımaları Azərbaycandan keçəcək

320

Qırğızıstan yükdaşıyıcıları Türkiyəyə və əks istiqamətdə daşımaların yeni dəmiryol marşrutunu hazırlayıb və reallaşdırıb.

Trend bu barədə Qırğızıstanın Ticarət-Sənaye Palatasına istinadən məlumat verir.

Qeyd olunur ki, bu marşrut Azərbaycan ərazisindən keçəcək.

Ticarət-Sənaye Palatasına nəqliyyat alt komitəsinin sədri Talant Matkerim bildirib ki, Türkiyənin “Arkas Logistik” şirkəti ilə razılaşma üzrə Oş şəhərində Türkiyədən gələn 40 konteyner qəbul edilib. Bu yük Gürcüstan və Azərbaycan ərazisindən, daha sonra dəniz yolu ilə Türkmənistana çatıb. Yük bu ölkədən dəmir yolu ilə Özbəkistandan keçərək Qırğızıstanın Oş şəhərinə gəlib:

“Əvvəllər biz avtomobil yolu ilə yük nəql edirdik. Amma koronavirusla əlaqədar dövlət sərhədlərini keçməkdə problem yarandı və sahibkarlar zərər çəkməyə başladı. Multimodal daşımaların işə düşməsi həm yüklərin ləngiməsinin qarşısını alacaq, həm də tədarük həcmlərini artırmağa imkan verəcək”.