“Google” ABŞ-dan İspaniya və Böyük Britaniyaya sualtı kabel çəkir

342

“Google” kompaniyası okeanın dibi ilə ABŞ-dan İspaniya və Böyük Britaniyaya “Grace Hopper” sualtı optik lifli kabelin çəkilməsi işlərinə başladığını elan edib.

DenizXeber.az AZƏRTAC-a istinadən bildirir ki, kompüter proqramlaşdırılması üzrə amerikalı alimin şərəfinə adlandırılan “Grace Hopper” internet kabeli ABŞ-la Böyük Britaniya və İspaniya arasında əlaqə yaradacaq və şəbəkənin davamlılığını təmin edəcək.

Korporasiyanın məlumatına görə, “Grace Hopper” “Google” tarixində ABŞ və İspaniyanı birləşdirəcək ilk internet kabeli olacaq. Bundan başqa, press-relizdə bu layihənin Böyük Britaniya istiqamətində kompaniyanın özəl sualtı kabel marşrutuna qoyduğu ilk sərmayə olduğu qeyd edilir.

CNBC telekompaniyası “Grace Hopper” optik lifli kabelinin uzunluğunun ABŞ-dan Böyük Britaniyaya 6 250 kilometr, ABŞ-dan İspaniyaya isə 6 300 kilometr olacağını bildirir. “Google”, həmçinin Portuqaliya ilə Cənubi Afrika Respublikasını və ABŞ-la Fransanı birləşdirən kabellərə də malikdir.