Xocalı soyqırımından 25 il ötür

631

23 fevral 2017-ci il tarixində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi  ADDA-da ehtiramla yad edildi.

Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən tədbirdə “Natiq Qasımov” adlı sənədli filmin ilk nümayişi gerçəkləşdi.

Tədbiri giriş sözü ilə Akademiyanın rektoru Çingiz Əliyev açdı. Daha sonra Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olan Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini, faciənin həqiqətlərinin dünyaya tanıdılması istiqamətində ümummilli lider Heydər Əliyevlə başlanan çoxşaxəli fəaliyyət planından danışan rektor bu siyasətin ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Qeyd etdi ki, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan bu addımlar faciənin soyqırımı kimi dünyaya tanıdılmasının nəticəsiz qalmadığını bir da sübut edir.

Daha sonra Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edərək faciənin acı nəticələrindən söz açdı.

Tədbirdə iştirak edən filmin ssenari müəllifi və rejissoru, əməkdar incəsənət xadimi Elçin Musaoğlu xalqımızın bu qanlı səhifəsi və sözügedən filmin tarixçəsi ilə bağlı öz təəssuratlarını bölüşdü.

Qeyd edək ki, Natiq Qasımov “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib. Ağdamın Xramort kəndi yaxınlığında döyüş yoldaşları həlak olduqdan sonra Natiq Alban kilsəsində təkbaşına mübarizəsini davam etdirir. Düşmən kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edərək, əsir və girov düşmüş Xocalı sakinlərindən yararlanır. Natiq onların güllələnməsinə razı olmur və üçrəngli bayrağımızla düşmənin qarşısına çıxır. Onun sonrakı taleyi indiyədək məlum deyil.

“Azərbaycanfilm” kinostudiyasında çəkilmiş filmin operatoru Rauf Qurbanəliyev, prodüseri Əməkdar İncəsənət Xadimi Müşfiq Hətəmovdur.

Sonda igid Azərbaycan oğlu Natiq Qasımova həsr olunmuş eyniadlı sənədli film  nümayiş edildi.