Aktaudan daha 30 Azərbaycan vətəndaşı təxliyə edilib

303

Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Qazaxıstanda müəyyən səbəblərdən qalan daha 30 həmyerlimiz vətənə yola salınıb.

Azərbaycanın Aktaudakı Baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə mənfi çıxıb.

Qeyd edək ki, bundan əvvəl Baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 77 nəfər artıq vətənə göndərilib.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir. Növbəti qrupun da mərhələli şəkildə Azərbaycana yola salınması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır